Sadə böyrək kistaları

Sadə böyrək kistaları, insan böyrəyində ən çox rast gəlinən törəmələrdir. Adətən asimptomatik (heç bir əlamət verməyən) olur və başqa xəstəliklərə görə müayinə aparılan zaman təsadüfən görülür. Hər yaşda görülə bilər. Yaş artdıqca görülmə sıxlığı daha da artır. Kişilərdə qadınlardan daha çox görülür.
Klinik xüsusiyyətləri: Adətən bu kistalar heç bir əlamət vermir. Nadir hallarda qarında kütlə, bel və qarın nahiyyəsində ağrı, hipertenziya (yüksək arterial təzyiq), böyrəyin aşağı qütbündə yerləşən kistalar həddən artıq böyüyərsə sidik axarını sıxaraq böyrək ləyənində genişləmə və böyrək ləyəninə açılarsa sidikdə qan görülə bilər.
Diaqnostikası: Ultrasəs müayinə (USM), Kompyuter tomoqrafiya (KT), Maqnit-rezonans müayinəsi(MRT) vasitəsi ilə qoyulur. Görünüş olaraq kürə və ya oval şəkilli, hamar kənarlı olurlar.
Müalicəsi: Sadə kistaların dərman müalicəsi yoxdur və nəzarətdə saxlanılır. Getdikcə ölçüləri arta bilər.Yanlız klinik əlamət verdikdə və ya infeksiyalaşdıqda cərrahi müdaxilə oluna bilər. Cərrahi müalicələrə kistanın açılması, iynə vasitəsilə kistanın boşaldılması və daxilinə sklerozlaşdırıcı maddələrin vurulması aiddir. Bu üsulla müalicə zamanı kistanın yenidən əmələgəlmə ehtimalı var. Ancaq iynə vasitəsilə kistanın boşaldılması qısa sürən və günlük bir prosedurdur. Kistaların açılmasına açıq və laparoskopik üsullar aiddir. Bu üsullarla müalicə zamanı yenidən əmələgəlmə ehtimalı daha azdır.