Böyrək daşı: hansı əlamətlərdə təcili həkimə getmək lazımdır
Müəllif: Dr. Seymur Mehtiyev, uroloq-androloq. Son yenilənmə: 16.11.2026
Böyrək daşı ən çox rast gəlinən uroloji problemlərdən biridir. Kiçik daşların çoxu heç bir əməliyyat olmadan, sidiklə öz-özünə çıxır. Amma bəzi hallarda daş sidik yolunu tıxayır və gecikmə böyrəyə ciddi zərər verə bilər. Bu yazıda hansı əlamətlərdə evdə gözləmək olar, hansılarda isə vaxt itirmədən həkimə getmək lazım olduğunu izah edirəm.
Böyrək daşının tipik əlamətləri
- Böyrək sancısı - beldə, böyrün altında başlayan, dalğa-dalğa gələn çox güclü ağrı. Ağrı qarnın aşağısına, qasığa və cinsiyyət orqanlarına yayıla bilər.
- Ağrı zamanı rahat vəziyyət tapa bilməmək, yerində dura bilməmək.
- Ürəkbulanma və qusma.
- Sidikdə qan - sidik çəhrayı, qırmızı və ya qəhvəyi rəngdə ola bilər.
- Tez-tez və ağrılı sidik ifrazı, xüsusilə daş sidik kisəsinə yaxınlaşanda.
Bu əlamətlər daşın sidik axarında hərəkət etdiyini göstərir. Ağrının şiddəti daşın ölçüsü ilə həmişə düz mütənasib deyil: kiçik daş da çox güclü ağrı verə bilər.
Təcili həkimə getmək lazım olan hallar
Aşağıdakı əlamətlərdən hər hansı biri varsa, gözləməyin və dərhal xəstəxanaya müraciət edin:
- Böyrək sancısı ilə birlikdə qızdırma (38°C və yuxarı) və ya titrəmə. Bu, tıxanmış böyrəkdə infeksiyanın əlaməti ola bilər. Avropa Urologiya Assosiasiyası (EAU) bu vəziyyəti təcili uroloji hal hesab edir: sidiyin axını stent və ya nefrostomiya ilə təcili bərpa edilməlidir, yalnız antibiotik kifayət deyil.
- Ağrı kəsici dərmanlardan sonra keçməyən ağrı.
- Dayanmayan qusma - maye qəbul edə bilməmək susuzlaşmaya səbəb olur.
- Sidiyin azalması və ya tam kəsilməsi.
- Tək böyrəyi olan və ya böyrək çatışmazlığı olan xəstələrdə hər hansı sancı.
- Hər iki tərəfdə eyni vaxtda ağrı.
- Hamiləlik dövründə böyrək sancısı.
- Şəkərli diabet, immun sistemin zəifliyi kimi xroniki xəstəlikləri olanlarda qızdırmalı sancı.
Nə vaxt planlı qaydada uroloqa müraciət etmək olar?
- Ağrı dərmanla yaxşı kontrol olunur, qızdırma yoxdur.
- Ultrasəsdə təsadüfən kiçik daş aşkarlanıb, şikayət yoxdur.
- Əvvəllər daş olub və profilaktika barədə məsləhət almaq istəyirsiniz.
- Sidikdə qan görünüb, amma ağrı yoxdur. Bu, mütləq araşdırılmalıdır, çünki səbəb təkcə daş olmaya bilər.
Hansı daşlar özü düşür?
Daşın öz-özünə çıxma ehtimalı onun ölçüsündən və yerləşdiyi yerdən asılıdır. 5 mm-dən kiçik daşların böyük hissəsi bir neçə həftə ərzində özü çıxır. Daş böyüdükcə bu ehtimal azalır. Bəzi hallarda həkim sidik axarını genəldən dərman təyin edə bilər. Bu müddətdə daşın vəziyyəti nəzarətdə saxlanmalıdır: uzun müddət tıxanma böyrəyə zərər verə bilər.
Müayinə necə aparılır?
İlk mərhələdə sidik və qan analizi, ultrasəs müayinəsi edilir. EAU tövsiyələrinə görə, kəskin böyür ağrısı olan böyüklərdə diaqnozu təsdiqləmək üçün kontrastsız kompüter tomoqrafiyası (KT) ən dəqiq üsuldur. KT daşın ölçüsünü, yerini və sıxlığını göstərir, bu da müalicə üsulunu seçməyə kömək edir.
Müalicə üsulları
Müalicə daşın ölçüsündən, yerindən, tıxanma və infeksiyanın olub-olmamasından asılıdır:
- URS - sidik axarındakı daşların endoskopik yolla, kəsiksiz çıxarılması.
- RIRS - fleksibl ureteroskop və lazerlə böyrəkdaxili daşların kəsiksiz parçalanması.
- PNL - böyük böyrək daşlarının (adətən 2 sm-dən böyük) dəri vasitəsilə kiçik dəlikdən çıxarılması.
Hansı üsulun uyğun olduğunu yalnız müayinədən sonra həkim müəyyən edə bilər.
Evdə nə etmək olar?
- Həkimin təyin etdiyi ağrı kəsicini qəbul edin.
- Kifayət qədər maye için, amma qusma varsa və ağrı keçmirsə, evdə gözləməyin.
- Mümkünsə sidiyi süzgəcdən keçirin: çıxan daşı analiz üçün həkimə gətirin.
- Qızdırmanı ölçün. Temperatur yüksəlirsə, dərhal müraciət edin.
Daşın təkrarlanmasının qarşısını almaq haqqında ətraflı: böyrəkləri qorumaq üçün nə etməli.
Tez-tez verilən suallar
Böyrək daşı öz-özünə düşə bilərmi?
Bəli, kiçik daşlar (adətən 5 mm-dən kiçik) çox vaxt bir neçə həftə ərzində sidiklə özü çıxır. Bu müddətdə ağrı kəsici, kifayət qədər maye və həkim nəzarəti tövsiyə olunur. Daş böyükdürsə, ağrı keçmirsə və ya infeksiya əlaməti varsa, həkim aktiv müalicə təklif edir.
Böyrək sancısı ilə qızdırma birlikdə olarsa nə etməli?
Bu, təcili haldır. Daş sidik yolunu tıxayıb və böyrəkdə infeksiya varsa, sidiyin axını təcili bərpa edilməlidir. Yalnız antibiotik kifayət etmir. Gözləmədən xəstəxanaya müraciət edin.
Hansı müayinələr lazımdır?
Adətən sidik və qan analizi, ultrasəs müayinəsi aparılır. Daşın dəqiq ölçüsünü və yerini görmək üçün çox vaxt kontrastsız kompüter tomoqrafiyası (KT) tələb olunur.
Daş çıxdıqdan sonra yenidən əmələ gələ bilərmi?
Bəli, böyrək daşı təkrarlanmağa meyllidir. Gün ərzində kifayət qədər su içmək, duzu azaltmaq və daşın tərkibini analiz etdirmək təkrarlanma riskini azaltmağa kömək edir.
Müayinə üçün yazılmaq: +994 50 555 20 30 (zəng və WhatsApp). Əlaqə
Bu məqalə məlumat xarakterlidir və həkim müayinəsini əvəz etmir. Mənbələr: Avropa Urologiya Assosiasiyası (EAU) urolitiaz üzrə tövsiyələri (2026), Britaniya Uroloji Cərrahlar Assosiasiyası (BAUS).

