
Nefrektomiya nədir? Böyrəyin çıxarılması əməliyyatı
Nefrektomiya böyrəyin cərrahi yolla çıxarılmasıdır. Əməliyyat böyrəyin tam (radikal və ya sadə nefrektomiya) və ya yalnız bir hissəsinin (parsial nefrektomiya) çıxarılması şəklində aparıla bilər.
Nə vaxt lazım olur?
- Böyrək şişləri: ən çox rast gəlinən səbəbdir. Kiçik şişlərdə imkan daxilində böyrəyin sağlam hissəsi saxlanılır (parsial nefrektomiya).
- Funksiyasını itirmiş böyrək: daş, uzun müddətli tıxanma və ya infeksiya nəticəsində işləməyən böyrək təkrarlanan infeksiyalara, ağrıya və yüksək təzyiqə səbəb olursa.
- Ağır travma.
- Donor nefrektomiyası: böyrəyin köçürülmə üçün sağlam donordan götürülməsi.
Əməliyyat üsulları
- Laparoskopik (qapalı) nefrektomiya: qarında 3–4 kiçik (0,5–1 sm) dəlikdən kamera və alətlərlə aparılır. Açıq əməliyyatla müqayisədə ağrı daha az olur, xəstəxanada qalma və sağalma daha qısa, çapıq daha kiçik olur. Bu gün əksər hallarda üstünlük verilən üsuldur.
- Açıq nefrektomiya: böyrək nahiyəsində 15–20 sm-lik kəsiklə aparılır. Çox böyük şişlərdə, ağır yapışmalarda və bəzi xüsusi hallarda seçilir.
Hər iki halda əməliyyat ümumi anesteziya altında aparılır, sidik kisəsinə kateter, lazım olduqda əməliyyat nahiyəsinə drenaj qoyulur.
Tək böyrəklə həyat
Digər böyrək sağlamdırsa, adətən zamanla hər iki böyrəyin işini öz üzərinə götürür. İnsanlar bir böyrəklə normal həyat sürə bilirlər. Amma qan təzyiqinə, böyrək funksiyasına (kreatinin) və sidik analizinə mütəmadi nəzarət lazımdır.
Əməliyyata hazırlıq
- Əməliyyatdan əvvəl ac olmaq lazımdır (həkim vaxtı dəqiqləşdirir).
- Aspirin və digər qanı durulaşdıran dərmanlar həkimin göstərişi ilə əvvəlcədən dayandırılır və ya dəyişdirilir. Bu dərmanları özbaşına dayandırmayın.
- Lazımi analiz və müayinələr aparılır.
Əməliyyatdan sonra
- Laparoskopik əməliyyatdan sonra adətən 2–3 gün xəstəxanada qalınır.
- Bir neçə həftə ağır yük qaldırmaqdan çəkinmək lazımdır.
- Təyin olunan dərmanları qəbul edin, böyrəyə zərərli ola bilən ağrıkəsicilərdən (məsələn, ibuprofen kimi) həkimlə məsləhətləşmədən istifadə etməyin.
- Hərarət, artan ağrı, yarada qızartı və ifrazat olarsa, həkimə müraciət edin.
Ətraflı: Laparoskopik böyrək əməliyyatı · Böyrək kistası təhlükəlidirmi?
Müəllif: Dr. Seymur Mehtiyev, uroloq-androloq · Son yenilənmə: 16.11.2026
Mənbələr
Bu məlumat həkim müayinəsini əvəz etmir.
Qəbula yazılmaq: +994 50 555 20 30 (WhatsApp) · Funda Hospital, Bakı





